"Biz mikrosahibkarları sıradan çıxarmışıq" - Deputat

11:47 - 16 Yanvar 2024 - ÖLKƏ İÇİ

"Biz mikrosahibkarları sıradan çıxarmışıq"

Ucnoqta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Vahid Əhmədov bildirib ki, mütəmadi Vergi Xidməti ilə danışıqlar aparıb:

“Biz ən azı birinci rübün sonunda mikrosahibkarlarla bağlı məsələyə baxmalıyıq. Mikrosahibkarları dəstəkləməliyik. Yeni Vergi Məcəlləsi qəbul edilməli, Büdcə Məcəlləsi hazırlanmalıdır”.

Komitə sədri Tahir Mirkişili mikrosahibkarlarla bağlı fikirlərə münasibət bildirib:

“Orada bir problem var. Hüquqi şəxslərlə mikrosahibkarlıq subyektləri arasında mənfəətin ötürülməsi ilə bağlı problem var. Müəyyən zaman keçsin, təhlillər aparaq. Təhlillərin nəticəsinə uyğun olaraq, qanunvericiliyə müəyyən dəyişikliyin edilməsi mümkün ola bilər. Mikrosahibkarlıq subyektləri ilə bağlı qanuna edilən dəyişikliyin məqsədi onlardan daha çox vergi yığılması deyil”.

Qeyd edək ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu il yanvarın 1-dən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti plan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirlərinin 75 faizi gəlir vergisindən azad olacaq. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq siyasətindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrdə gəlir vergisi öhdəliyindən çıxılacaq.

Həmçinin qeyd olunan vergi güzəşti vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməyəcək.

Xəbər xətti