“Direktorun vəzifəyə qoyduğu həyat yoldaşı işdən kənarlaşdırılacaq” - Təhsil İdarəsi

14:09 - 13 Yanvar 2024 - ÖLKƏ İÇİ

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktor müavini Fəxriyyə Qurbanovanın işinə rəsmi aydınlıq gətirilib.

Konkret.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev məlumat verib.

Bildirilib ki, adıçəkilən məktəbin direktoru Daxil Qurbanovun həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin etməsindən media vasitəsilə xəbər tutulub. Və məsələ ilə bağlı dərhal araşdırmalar başlanılıb.

Sektor müdiri qanuna görə, yaxın qohumların bir strukturda vəzifə daşımasının yolverilməz olduğunu xatırladıb. Əlavə edilib ki, bu səbəbdən Qurbanovlardan biri işdən kənarlaşdırılacaq:

“Qanunun müvafiq tələblərinə əməl olunmadığı halda, bir ay müddətində onlardan biri öz ərizəsi ilə işdən ayrılmalıdır. Və əgər bu, könüllü şəkildə baş verməzsə, iş məcburi qaydada əmrləşdirilib, vəzifəyə xitam verilməlidir. Artıq bununla bağlı araşdırma başlayıb, direktor və müavinlə söhbət aparılıb. Yəqin ki, həftənin birinci günü məsələnin nəticəsi barədə rəsmi məlumat veriləcək”.

Xatırladaq ki, Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanov həyat yoldaşı Fəxriyyə Ağarəhim qızı Qurbanovanı özünə təsərrüfat işləri üzrə müavin təyin edib. 

Xəbər xətti