Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Benqal körfəzində Hind okeanının dibində tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi mətbuata açıqlamasında bildirib.
2016-cı ildə itkin düşən və içərisində 29 nəfərin olduğu An-32 təyyarəsinin qalıqları Milli Okean Texnologiyaları İnstitutunun dərin dəniz tədqiqatları zamanı tapılıb. Onlar 3400 m dərinlikdə Benqal körfəzinin dibində - sonuncu dəfə göründüyü yerdə təyyarənin görüntülərini çəkən avtonom sualtı nəqliyyat vasitəsinin köməyi ilə həyata keçirilib.
"Axtarış şəkilləri diqqətlə araşdırıldı və An-32 təyyarəsi ilə uyğun olduğu müəyyən edildi. Eyni ərazidə itkin düşmüş digər təyyarələrin olmaması onu göstərir ki, dağıntılar Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 təyyarəsinin (qeyd nömrəsi K-2743) ola bilər ", - Respublika Müdafiə Nazirliyi bildirib.
An-32 təyyarəsinin qalıqları Çennai sahilindən təxminən 310 km aralıda tapılıb.