Qətər Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün İsrailə yeni təklif irəli sürüb. Bu təklif Fələstinin radikal HƏMAS hərəkatının rəhbərliyinin anklavdan təxliyəsini nəzərdə tutur.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.
Məlumata görə, Qətərlilər HƏMAS liderlərinin təxliyəsi müqabilində radikallar tərəfindən saxlanılan bütün israilli girovların azad edilməsində vasitəçilik etməyi təklif edirlər. Lakin onların sərbəst buraxılması mərhələlərlə baş verməlidir. Bundan əlavə, təklifə İsrail qoşunlarının Qəzza zolağından çıxarılması tələbi də daxildir, telekanal qeyd edir.
Bildirilir ki, bu təklif çərşənbə günü axşam İsrailin hərbi-siyasi kabinetinin əsas nazirlərin iştirakı ilə keçiriləcək iclasında müzakirə olunacaq. Eyni zamanda, İsrail rəsmiləri telekanala bildiriblər ki, hazırda “oğurlanmış insanların azad edilməsi məsələsində heç bir irəliləyiş yoxdur”.