Tacikistan və Türkiyə iki ölkənin xarici işlər nazirlikləri arasında növbəti üç il üçün əməkdaşlıq proqramı imzalayıb.
Ucnoqta.az xəbər verir ki, Tacikistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sənəd xarici işlər naziri Sirociddin Muhriddin və Düşənbəyə rəsmi səfərə gəlmiş türkiyəli həmkarı Hakan Fidan arasında keçirilən görüşdən sonra imzalanıb.
“İkitərəfli görüşün yekunu olaraq xarici işlər nazirləri Tacikistan və Türkiyə xarici işlər nazirlikləri arasında 2024-2026-cı illər üçün əməkdaşlıq proqramı imzalayıblar”, - məlumatda deyilir.
Həmsöhbətlər siyasət, iqtisadiyyat, ticarət, investisiya, təhsil, elm, mədəniyyət, səhiyyə və turizm sahələrində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər. Bundan əlavə, görüş zamanı tərəflər təhlükəsizliyin təmin edilməsi, terrorizmlə mübarizə, eləcə də əməkdaşlığın hüquqi bazasının gücləndirilməsi mövzularına toxunublar. Bildirilir ki, iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətinə baxılıb.