Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 28 dekabr tarixindən 7 yanvar 2024-cü il tarixinədək respublikanın avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Ucnoqta.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.
Qeyd edilib ki, vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.