Azərbaycan Respublikasının birinci prezidenti olmuş mərhum Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verəcək.
Bunu Modern.az-a Azərbaycanın birinci prezidenti olmuş Ayaz Mütəllibovun uzun müddət köməkçisi olan Qulu Həsənoğlu deyib.
"2014-cü ildən mərhum prezident Ayaz Mütəllibovun köməkçisi olmuşam. Ümumiyyətlə, Mütəllibovlar ailəsi cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyiblər. 2014-dən bu yana bu dəstək daha intensiv olub. 2016-cı il referendumunda da vitse-prezidentlik institutunun yaradılmasına Mütəllibovlar ailəsi “hə” deyib. İndi keçiriləcək səsvermədə mərhum prezidentin oğlu və ailə üzvləri də iştirak edəcəklər. Onlar hazırkı prezident İlham Əliyevə səs verəcəklər. Bu gün cənab İlham Əliyevin alternativi yoxdur".
Q.Həsənoğlu mərhum prezidentin xatirəsinin yaşadılması istiqamətində işlər görüldüyünü söyləyib:
"Cənab Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyeva tərəfindən verilən tapşırıqla ona xatirə abidəsi qoyulub. Bu zaman mərhumun ailəsinin rəyi də nəzərə alınıb. Məzarında büstü qoyulub. Ailəsi ilə zəngləşirik. Zaur adında bir oğlu var. O da Azərbaycanda bəzən olur, bəzən yox. Dost əlaqələrimizi qalır. Zaur Mütəllibov ixtisasca həkimdir. Lakin indi mən bilən başqa sahədə çalışır".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiq edib.
Xatırladaq ki, Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat edib. Sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.