ABŞ prezidenti Co Baydenin cümə günü imzalayacağı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan fərmana bəzi rus dəniz məhsullarının idxalına məhdudiyyətlər daxildir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin dərc etdiyi fərmanın izahatında deyilir.
Sənəddə qeyd edilir ki, Amerikanın müvafiq departamentləri Rusiya sularında və ya Rusiya bayrağı altında üzən gəmilərdə əldə edilən bəzi Rusiya dəniz məhsullarının, hətta sonradan üçüncü ölkələrdə emal olunsa belə, idxalına qadağa qoyacaq. ABŞ Xəzinədarlığı bu qadağaya məruz qalacaq xüsusi dəniz məhsullarını müəyyən edən rəy verəcək.
Eyni zamanda, bu, müəyyən rus mallarının üçüncü ölkələrdə emal olunduqdan sonra ABŞ-a idxalını çətinləşdirəcək.
Sənəddə deyilir: “Yaxın aylarda ABŞ və tərəfdaşlarımız ABŞ-ın Rusiya mənşəli almazların idxalına mövcud qadağasına əsaslanaraq, Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan bəzi almazların idxalına məhdudiyyətlər qoymaq niyyətindədirlər”.