Azərbaycan internetin orta sürətinə görə 5 pillə irəliləyib

11:53 - 19 Dekabr 2023 - ÖLKƏ İÇİ

Bu ilin noyabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 181 ölkə arasında 33,03 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.

"Report" “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bu göstərici üzrə Azərbaycan oktyabr ayı ilə müqayisədə 5 pillə irəliləyib.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (263,51 MB/S), axırıncı yeri isə Kuba (2,11 MB/S) tutub.

Məlumata görə, Azərbaycan noyabrda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 45,45 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bu isə, oktyabra nisbətən 3 pillə geriləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (324,92 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (3,90 MB/S) tutub.

Bundan başqa, noyabrda Bakı şəhəri mobil internetin sürətinə görə öz yerini qoruyaraq 45,56 MB/S sürətlə 169 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 386,62 MB/S sürətlə Dubay şəhəri, sonuncu yeri isə 4,89 MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 35,72 MB/S sürətlə 137-ci pillədə qərarlaşıb ki, bu da 4 pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 195 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin şəhəri 296,32 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,94 MB/S sürətlə sonuncu olub.

Xəbər xətti