"Bu xalq sizi çoxdan boykot edib, siz kimi boykot edirsiz?"

11:39 - 19 Dekabr 2023 - SİYASƏT

“Elan edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır. Azərbaycan xalqı hərbi-siyasi qələbələrimizdən doğan yeni reallığa yalnız cənab İlham Əliyevlə adlamağı arzulayır və bu mənada Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini müəyyən etməklə ilk növbədə xalqın tələbini, cəmiyyətin təkidli sifarişini yerinə yetirmiş oldu. Bu gün heç bir siyasi qüvvənin cənab İlham Əliyevin namizədliyi qarşısında şansı yoxdur, amma bu prosesdə hər kəsə cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququnu reallaşdırmaq üçün sağlam şərait yaradılıb. Konstruktiv müxalifətin rahat şəkildə seçki marafonuna qatılması bu reallığı bir daha təsdiq edir”.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Bəhruz Məhərrəmov bildirib. 

“Antimilli ünsürlərin isə bu dəfə də prosesdən kənarda qalması əslində xəyanətkar, təxribatçı və qorxaq mahiyyətin ifadəsidir. 5 min adam tapıb partiyalarını qeydiyyatdan keçirə bilməyən bir ovuc ünsür, indi guya seçkiləri boykot edir. Bu xalq sizi çoxdan boykot edib, siz kimi boykot edirsiz?

Bu gün Azərbaycanda seçkilərin boykot edilməsi üçün heç bir siyasi-hüquqi şərait və zərurət yoxdur. Boykot cəhdi əslində bu dərnəklərin təxribatçı mahiyyətinin ifadəsidir və yeganə məqsəd də budur ki, siyasi sabitliyi pozaraq ölkənin daxili məsələlərinə müdaxilə arzusunda olan xarici qüvvələr üçün fürsət yaratsınlar. Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi seçkidir və bundan kənar istənilən cəhd ictimai sabitliyə yönələn təhdiddir və milli maraqlara yönəli istənilən təhdid Azərbaycan xalqının iradəsi ilə beşiyindəcə boğulacaq”,- deyə deputat qeyd edib.

Xəbər xətti