"Çap mediasını yaşatmaq lazımdır" - Vüqar Zifəroğlu

16:36 - 14 Dekabr 2023 - MEDİA

BDU-nun Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu çap mediasını yaşatmağın zəruri olduğunu bildirib.

“Report” xəbər verir ki, o, bu barədə Bakı Dövlət Universiteti və Üsküdar Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Türk Dünyası jurnalistikası: problemlər və çağırışlar” mövzusunda onlayn elmi konfransda çıxışı zamanı danışıb.

O bildirib ki, qəzet ənənədir, tarixdir: “Biz çap mediasını yaşatmaqla bağlı müntəzəm müzakirələr edir, çıxış yolları axtarırıq”.

V. Zifəroğlunun sözlərinə görə, bunun üçün mövcud alternativlərdən biri eksklüziv materiallara üstünlük verməkdir: “Bu, qəzetlərin oxucularını artıra bilər”.

Əməkdar jurnalist Vüqar Zifəroğlu çıxışında Türkiyə və Azərbaycan mediasının ortaq dəyərlərinə də toxunub.

O bildirib ki, bu dəyərlər çox qədimdir, XXI əsrə aid deyil: “Bunun əsas səbəbi Türkiyə və Azərbaycanın ortaq problemləridir”.

Onun sözlərinə görə, sonrakı dövrlərdə, daha dəqiq desək, sovet imperiyası vaxtı müəyyən dəyişikliklər yarandı: “Hərçənd həmin vaxt türkçülük məfkurəsi ilə çıxış edən Azərbaycan publisistləri bu ənənəni qorumağa çalışırdılar”.

Əməkdar jurnalist qeyd edib ki, Azərbaycan-Türkiyə ortaq media platforması tarixi bağların inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.

Xəbər xətti