Albaniya Silahlı Qüvvələri Türkiyənin Baykar şirkətindən "Bayraktar" pilotsuz uçuş aparatlarını (PUA) qəbul edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Albaniyanın baş naziri Edi Rama bildirib.
"Bayraktar pilotsuz uçan aparatları belə görünür, tezliklə hərbi, müşahidə və mülki missiyalar üçün qabaqcıl aviasiya texnologiyası kimi silahlı qüvvələrimizin bir hissəsi olacaq" -o, sosial şəbəkə hesabında yazıb.
Baş nazir qeyd edib ki, bu qurğular Albaniyanın və bütövlükdə NATO-nun “təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir”.
Albaniya lideri ölkənin silahlı qüvvələrinin hansı pilotsuz təyyarə modellərini alacağını dəqiqləşdirməyib.