Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu Zığ şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki , məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota” markalı minik avtomobilinin “Mercedes” markalı evakuatorla toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sərnişini deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü R.Əlizadəni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.