Qırğızıstanda Joqorku Keneş (yerli parlament) ölkə bayrağının dizaynının dəyişdirilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Joqorku Keneşin bu gün, noyabrın 29-da keçirilən iclasında deputatlar “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə birinci oxunuşda baxıb qəbul ediblər”, - deyə parlamentin nümayəndəsi bildirib.
Qanun layihəsi noyabrın 28-də Ali Sovetin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Reqlament komitəsi tərəfindən bəyənilib.
Əgər sənəd nəhayət təsdiq olunsa və qüvvəyə minərsə, o zaman bayraqdakı şüaların dalğavari forması düzə dəyişdiriləcək. Qanunvericilər hesab edirlər ki, indi şüalar daha çox günəbaxanla əlaqələndirilir, düz forma isə günəşə daha çox bənzəyəcək. Artıq yeni eskiz hazırlanıb.