Özbəkistan və Səudiyyə Ərəbistanı 12 milyard dollar dəyərində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair bir sıra sazişlər imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid əl-Falihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və onunla çoxşaxəli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.
“Səudiyyə Ərəbistanı nümayəndə heyətinin hazırkı səfəri çərçivəsində kimya, energetika, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları və infrastrukturun inkişafı sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə dair 12 milyard dollarlıq sazişlər imzalanıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, danışıqlar zamanı tərəflər ölkənin müxtəlif regionlarında iri enerji layihələrinin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.
Mətbuat xidməti əlavə edib ki, həmçinin nəqliyyat infrastrukturu və kommunal xidmətlər, geologiya, irriqasiya, məişət tullantılarının emalı, ali təhsil və əmək miqrasiyası sahələrində ümumi dəyəri 11 milyard ABŞ dolları olan yeni layihə və proqramların həyata keçirilməsinə dair razılıq əldə olunub.