Gələn il 10 siyasi partiyaya maliyyə ayrılacaq - SİYAHI

17:00 - 15 Noyabr 2023 - SİYASƏT

Parlamentdə gələn ilin büdcəsi ilə bağlı müzakirələrin birinci mərhələsi artıq yekunlaşıb. Dövlət büdcəsinin xərclərinin 36 milyard 763 milyon manat olacağı proqnozlaşdırılır. 

Büdcədə siyasi partiyalara dövlət büdcəsindən 5 milyon manatın ayrılması nəzərdə tutulub. Bəs bu vəsait hansı partiyalara ayrılacaq? 

Modern.az gələn il hansı partiyalara vəsait ayrılacağını araşdırıb.

“Siyasi partiyalar” haqqında bu il qüvvəyə minən qanuna görə, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

- Vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür

- Vəsaitin 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir. 

- Vəsaitin 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır

- Vəsaitin 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Beləliklə, qanuna əsasən parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək. Ancaq bu müddəlar hazırkı çağırış parlamentə aid deyil. Belə ki, qanunun keçid müddəalarında qeyd edilib ki, sözügedən vəsait bölgüsü qanunun qüvvəyə minməsindən sonra keçirilən parlament seçkilərinə aiddir. Buna görə də, vəsaitin bölgüsü əvvəlki qanuna əsasən aparılacaq.

Əvvəlki qanuna əsasən, vəsaitin bölünməsi ilə bağlı ilk hissə, demək olar ki, eynidir. Burada əsas fərq parlamentdə təmsil olunmayan partiyalarla bağlıdır. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. 2020-ci ildə keçirilən seçkilərdə heç bir siyasi partiya bu qədər səs qazana bilmədiyi üçün parlamentdən kənar partiyalara yardım ayrılmayacaq.

Gələn il parlamentdə təmsil olunan aşağıdakı partiyalara maliyyə vəsaiti ayrılacaq:

- Yeni Azərbaycan Partiyası 

- Vətəndaş Həmrəyliyi Partiyası

- Vəhdət Partiyası

- Respublikaçı Alternativ Partiyası

- Demokratik İslahatlar Partiyası

- Azərbaycan Demokratik Maarifçilik Partiyası

- Böyük Quruluş Partiyası

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

- Ana Vətən Partiyası

- Milli Cəbhə Partiyası 

Xəbər xətti