Regional İnsan Hüquqları və Media Mərkəzi Goranboy rayonunda həssas qrupdan olan şəxslərə hüquqi konsultasiya xidməti göstərib. Təşkilatın icra etdiyi “Həssas vəziyyətdə olan qruplardan olan insanlara hüquqi dəstək” layihəsi çərçivəsində keçirilən vətəndaş qəbulu Goranboy rayonunda aparılıb.
Layihə rəhbəri Xalid Kazımov layihə və donor təşkilat haqqında iştirakçılara məlumat verib.
X.Kazımov qeyd edib ki, layihə çərçivəsində Bərdə, Tərtər, Ağdam, Ağcabədi və Naftalanda həssas qruplardan olan şəxslərlə görüş keçirilərək onlara hüquqi konsultasiya xidməti göstərilib.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov tərəfindən müraciət edən 14 nəfər hüquqi konsultasiya xidməti göstərilib. Vətəndaşlar ümumilikdə və fərdi qaydada qəbul edilib. Müraciət edən 1 nəfər şəhid ailəsi üzvü 9 nəfər müharibə iştirakçısı, 4 nəfəri aztəminatlı ailə üzvü olub. Müraciət edənlər arasında qadın olmayıb.
Müraciətçilərin əsas problemləri əlilliyin dayandırılması, sosial müavinətin ödənilməməsi, qaz, işıq, su və yol məsələsi ilə bağlı olub. Problemlərin həlli ilə bağlı 1 nəfərin dövlət qurumlarına müraciəti hazırlanaraq yerində vətəndaşa təqdim edilib. 6 nəfərə hüquqi konsultasiya xidməti göstərilib. 7 nəfərin sənədləri isə qarşıdakı günlərdə hazırlanıb vətəndaşlara göndəriləcək.
Qeyd edək ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən “Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində həyata keçirilir. 10 ay müddətində icra ediləcək layihənin məqsədi müharibədən zərərçəkən şəxslərə və hüquqi xidmət almaq imkanı olmayan aztəminatlı şəxslərə pulsuz hüquqi konsultasiya xidməti göstərməkdir. Təşkilat layihə çərçivəsində müharibədən zərərçəkən şəxslər, aztəminatlı region sakinlərinin hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərəcək. Benefisiarların aidiyyəti orqanlara müraciətlərinin hazırlanması, dövlət qurumlarına ərizələrin yazılması, məhkəmədə müdafiəsi və digər hüquqi müdafiə tədbirləri ilə onların sosial hüquqlarının bərpasına kömək ediləcək. Təşkilatın Bərdə rayonundakı ofisində və həmçinin, yaxın müddətdə Ağdam, Tərtər, Goranboy və Naftalana ediləcək səfər zamanı ehtyacı olanlara pulsuz hüquqi konsultasiya xidməti göstəriləcək. Bundan əlavə, aztəminatlı şəxslər “Qaynar xətt” (+994702902299) xidməti, “facebook” (https://www.facebook.com/huquqi.yardim.37), “instagram” (https://www.instagram.com/huquqiyardim_pulsuz/) və “WhatsApp” (+994702902299) vasitəsilə də pulsuz hüquqi konsultasiya xidməti ala biləcəklər.
Layihə müddətində, həmçinin ən çox soruşulan qanun pozuntularının necə həll olunacağına dair hüquqşünas izahatı olan 20 video çəkilərək “Youtube” (https://www.youtube.com/@pulsuzhuquqiyardim) səhifəsi vasitəsi ilə paylaşılacaq. Artıq ilk video “youtube” səhifəsinə yerləşdirilib və bu link – https://youtu.be/XYgLxMPwGP8 vasitəsi ilə izləmək olar.