BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail-Fələstin münaqişəsinin kəskinləşməsindən sonra həlak olan əməkdaşlarının sayı 88-ə yüksəlib ki, bu da dünya qurumu üçün ən böyük rəqəmdir.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə həm BMT strukturunda, həm də müstəqil fəaliyyət göstərən əsas humanitar qurumları birləşdirən Qurumlararası Daimi Komitənin rəhbərlərinin birgə bəyanatında deyilir.
Bildirilir ki, bu, BMT-nin bir münaqişədə məruz qaldığı ən böyük insan itkisidir.
"Biz tərəfləri beynəlxalq humanitar hüquq və insan hüquqları hüququ üzrə öhdəliklərinə hörmət etməyə çağırışımızı təkrar edirik”, - BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits, Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, BMT-nin Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel və başqalarının imzaladığı bəyanatda qeyd olunub.
Onlar həmçinin Qəzza zolağına kifayət qədər su, ərzaq, dərman və yanacaq verilməsinin vacibliyini vurğulayaraq, bütün girovların dərhal azad edilməsini və xəstəxanalar, sığınacaqlar və məktəblər daxil olmaqla mülki infrastrukturun qorunmasını tələb ediblər.
"Bizə təcili humanitar atəşkəs lazımdır. 30 gün keçdi. Bəsdir. Bu, indi bitməlidir", - humanitar şöbələrin rəhbərləri qeyd ediblər.