BMT-nin baş katibi İsrailin Qəzzada təcili yardım maşınlarına hücumunu pisləyib

07:58 - 4 Noyabr 2023 - DÜNYA

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Qəzza zolağında təcili yardım maşınlarına zərbə endirməsi xəbərindən dəhşətə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin yaydığı bəyanatda deyilir.

"Mən Qəzzada Əl-Şifa Mərkəzi Xəstəxanasının yaxınlığında təcili yardım maşınlarının karvanına hücum barədə xəbərdən dəhşətə gəldim. Xəstəxananın yaxınlığında küçəyə səpələnmiş cəsədlərin görüntüləri ürək ağrıdır", - baş katib bildirib.

Quterreş anklavda vəziyyətin ağır olduğunu, qida, su və dərman çatışmazlığının olduğunu da vurğulayıb.

"Morqlar həddindən artıq doludur. Mağazalar boşdur. Sanitariya vəziyyəti dəhşətlidir. Xüsusilə uşaqlar arasında xəstələnmə və tənəffüs xəstəliklərinin artdığını müşahidə edirik" - baş katib vurğulayıb.

Baş katib həmçinin bütün nüfuz sahibi olan şəxslərdən Qəzza zolağında insanların əziyyətlərinə son qoymağa və münaqişənin bütün regiona yayılmasının qarşısını almaq üçün səy göstərmələrinə çağırıb. Quterreş tərəfləri yenidən humanitar atəşkəsə çağırıb.

Xəbər xətti