Türkiyənin 5-ci nəsil "Kaan" qırıcısı statik sınaqları tamamlayıb

19:29 - 26 Oktyabr 2023 - DÜNYA

Türkiyənin 5-ci nəsil “Kaan” döyüş təyyarəsi ilk uçuşuna hazırlıq üçün statik və güc testlərindən keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə təyyarəni istehsal edən TUSA aerokosmik dövlət korporasiyasının baş direktoru Temel Kotil məlumat verib.

"Kaan statik və möhkəmlik testlərindən uğurla keçdi. Daxili avadanlıqların quraşdırılması davam edir. Uçuş üçün lazım olan eniş şassiləri tezliklə quraşdırılacaq. Onun ilin sonuna qədər havaya qalxacağını gözləyirik", - bildirilib.

Kotil qeyd edib ki, Kaan performans baxımından ABŞ, Çin və Rusiya ilə silahlanmada olan təyyarələrə bərabərdir.

"Avropalıların belə bir təyyarəsi yoxdur. Yaponiya və Cənubi Koreya öz qırıcılarını yaradıblar, lakin bu sinifdən deyil. Deməli, "Kaan" Türkiyənin strateji sərvətidir. Bu, çox böyük bir təyyarədir. Sonra biz qalan sistemləri təkmilləşdirəcəyik”, - deyə o bildirib.

TUSA-nın baş direktorunun sözlərinə görə, hazırda yalnız ejektor oturacağı və mühərrik xaricdən gətirilir.

Xəbər xətti