Son əməliyyatda hədəfləri dəqiq vuran silahlar tətbiq edilib - Nazir

13:13 - 27 Sentyabr 2023 - Xəbər

Hazırda bir neçə yeni silah növləri yaradılmaq üzrədir. Bu istiqamətdə işlər aparılır.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində yeni holdinq yaradılır: “Başqa formada işlər aparırıq. Ümumilikdə, Azərbaycanda 2 mindən artıq müdafiə təyinatlı məmulatlar istehsal edilir”.

Nazirin sözlərinə görə, Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatların alınması üçün müraciətlərin sayı artmaqdadır. Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycanın istehsal etdiyi hərbi məhsullara tələbat həddən çox artıb.

Mədət Quliyev əlavə edib ki, 30-a yaxın dövlət silah-sursat almaq üçün müraciət edib: “Müraciətlərə baxılıb, hazırda müraciətlərin sayı artır. Qeyd etməliyəm ki, ABŞ da bizdən silah alır”.

Nazir onu da qeyd edib ki, Qarabağ bölgəsində lokal antiterror tədbirlərində hədəfləri dəqiq vuran Azərbaycan istehsalı silahlar da tətbiq edilib.

Xəbər xətti