Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mirisaq Mirtalıblının cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şirvan Apellyasiya Məhkəməsi Mirisaq Mirtalıblının şikayətini təmin etməyib.
İttihama görə, hadisə 05 yanvar 2023-cü il tarixdə, saat 16:20 radələrində, Astara rayonu Şiyəkəran kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Mirisaq Mirtalıblı qayınanasına məxsus fərdi yaşayış evinin yataq otağında olarkən zərərçəkmiş, arvadı S.Mirtalıblıya qısqanclıq zəminində, yəni qadının pəncərə qarşısında dayanıb yola baxmasına irad tutub. Zərərçəkmiş isə ona cavab qaytarıb. Mirisaq da buna hirslənib və yaxınlıqdakı kardon qutunun içərisindən götürdüyü mətbəx bıçağını qorxutmaq məqsədilə qadının boğazına dayayıb. S.Mirtalıblı isə qorxub qaçmaq istəyərkən bıçaq boğazını kəsib. Daha sonra o, S.Mirtalıblının kürək nahiyəsinə və qarın boşluğuna bıçaq zərbələri endirərək qadına qəsdən ağır zərər vurub. Mirisaq Mirtalıblı barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.