"5-6-cı sinifdə oxuyan qızlar elə geyinirlər ki, ..."

13:18 - 9 Avqust 2023 - MAQAZİN

"Uşaqlıqda hər kəsin bir istəyi olur - böyümək. Amma böyüdükdən sonra hamı uşaqlığına dönmək istəyir, yaşaya bilmədiyi, bəyənmədiyi anları yenidən yaşamaq istəyir. 

Zaman qurşağı fərqli insanlar yetişdirir, hər dövrün insanı fərqli olur. Məsələn, əvvəlin pionerləri ilə indinin şagirdlərini müqayisə etsək görərik ki, nəinki geyimlərində, hətta düşüncələrində də çox fərq var. Çünki zaman dəyişib. Gənclər çox fərqli olublar, onların həm düşüncələrində, həm görüntülərində, həm geyim tərzlərində fərq var".

Bu sözləri Yenisabah.az-a psixoloq Gülnar Orucova deyib. Bu gün ölkəmizdə yeniyetmələrin yaşından çox böyük görünməsi, buna can atması barədə danışan psixoloq bunun səbəblərini açıqlayıb: 

"Müxtəlif ailə tipləri var. Bu ailə tiplərində uşaqların hərəsi bir cür tərbiyə edilir. Hər uşaq öz evinin aynasıdır sözü boşuna deyil. Avtoritar ailə tiplərində uşaq ailəyə tabe olur, onlar nə istəyirsə, onu da edir. Onlar uşağı özünə o qədər tabe edir ki, həmin uşaq azad olacağı günü gözləyir, tez böyümək istəyir. Bu zaman da ortaya başqa problemlər çıxır, bəzən uşaqlar zamansız böyüyürlər, onlar özünü böyük göstərmək üçün bəzən zərərli vərdişlərə qurşanır, siqaret çəkir, qızlar fərqli geyimlərdən, kosmetikalardan istifadə etməyə başlayır, hansı ki, 18 yaşa qədər həmin kosmetikalar üz dərisi üçün uyğun deyil. Bu, dermatoloqlar tərəfindən də qəbul olunmur. 

Ən əsası isə sosial şəbəkələrdə gördükləri onlara təsir edir. Xarici videolara baxaraq örnəyi onlardan götürürlər. Nədənsə bizdə Avropanın ancaq pis tərəfləri örnək götürülüb inkişaf etdirilir. Biz avropalaşmaq deyəndə elə bilirik ki, soyunmalıyıq, çılpaq şəkillər çəkdirməliyik, dodağımıza, burnumuza, qaşımıza müxtəlif pirsinqlər etdirməliyik, bütün bədənimizə döymə vurdurmalıyıq. 

Valideyn nəzarəti hər zaman övladın üzərində olmalıdır. Övlad bunu kontrol kimi düşünməməlidir. Nəzarət hökmən olmalıdır. Bəzən mənim adını belə bilmədiyim sosial şəbəkəni 13 yaşlı yeniyetmə danışır. 

Valideyn elə bilir ki, gedib pul qazanırsa, övladına lazım olanları alırsa, onun üçün hər şey etmiş sayılır. Bu belə deyil!"

Onun sözlərinə görə, yeniyetmələrin yaşından böyük görünmək istəməsində əsas günahkar sosial şəbəkələr və orada gördükləridir:

"Bu gün 5-6-cı sinifdə oxuyan qızlar elə geyimlər geyinirlər ki, adam dəhşətə gəlir. Qaşlarını nazik formada alırlar. Baxıb şoka düşürəm ki, görəsən, valideyn hara baxır? Valideyn özünü bu gün elə bir yerə qoyub ki, onun sözü eşidilmir, ondan yalnız hansısa tələblər edilir. 

Burada əsas problem sosial şəbəkələrdir. İnsan nə görürsə, odur, beyin gördüyünü şəkilləndirir və onu əks etdirməyə başlayır. Bu baxımdan bugünkü yeniyetmələr gəncdən daha çox orta yaş təbəqəyə uyğun gəlirlər. Onların düşüncələri də fərqlidir. Bu gün yeniyetmələr belə olduğu üçün erkən nikahların, evdən qaçmaların sayı da artır. Buna əsas səbəb onların zamansız böyümələridir. Özlərini böyük kimi göstərib istədikləri insanla tanış olub danışırlar sonra da bu cür problemlərlə qarşılaşırlar. 

Əgər valideyn övladın sevgi, diqqət, qayğı verməsə, uşaq özünü sanki böyümüş kimi göstərib o sevgini ətrafdakı hansısa əks cinsdə axtarmağa çalışır". 

Xəbər xətti