Paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində üç nəfər bıçaqlanıb. Nəticədə bir nəfər ölüb, ikisi yaralıdır.
Ucnoqta.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, onların durumu orta ağırdır.
Hadisə ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, dünən axşam saat 23:00 radələrində bir nəfərin kəsici - deşici xəsarətlərdən ölməsi, 2 nəfərin isə kəsici - deşici xəsarətlər alması barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Bülbülə qəsəbəsində yerləşən evlərdən birində qısqanclıq zəminində yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Şahin Əhmədov, 1997-ci il təvəllüdlü İmamverdi Quluzadə və 1998-ci il təvəllüdlü Bəkir Qurbanovun bıçaq xəsarətləri alması, sonuncunun həmin xəsarətlər səbəbindən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.