İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib - FOTO (YENİLƏNİB)

15:58 - 20 İyul 2023 - ÖLKƏ İÇİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.

Ucnoqta.az xəbər verir ki, dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında peşə təhsilinin rolu artır. Bu sahəyə göstərilən diqqət həm də müasir infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq.

Məlumat verildi ki, hazırda Azərbaycanda 98 peşə təhsili müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.

Bildirildi ki, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır. Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil müəssisəsi tikilib istifadəyə veriləcək.

Dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış oldu.

Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir.

Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq.

Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə mütəxəssislər də hazırlanacaq.

Qeyd edək ki, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması, peşə təhsilinin yeni çağırışlara uyğunlaşdırılması, peşə təhsil müəssisələrinin rolunun və statusunun yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də məşğulluq məsələlərinin həllinə xidmət edəcək.

13:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.

Ucnoqta.az xəbər verir ki, dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.


Xəbər xətti