Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması işləri intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində yeni su anbarları inşa olunur.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydalanacaq. Layihəyə əsasən şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək. Bu mənbələrdən götürülən suların toplanaraq optimal paylanması, eləcə də şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Artıq birinci anbarın tikintisi üzrə əsas işlər yekunlaşıb və anbarın giriş-çıxış xətləri quraşdırılıb. Hazırda su anbarında izolyasiya işləri aparılır və yardımçı binaların tikintisi davam etdirilir. Ümumilikdə su anbarının inşasının cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.