Türkiyə parlamentinin spikeri İsveçin NATO üzvlüyünü boş xəyal adlandırıb
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Quranın yandırılması ilə bağlı növbəti təxribatdan sonra İsveçin NATO-ya üzvlüyünü xəyal adlandırıb.
Kurtulmuş İsveçin təkrar təxribatlardan sonra Şimali Atlantika Alyansına qoşulacağına ümid bəsləməsindən hiddətlənib.
“Bağışlayın, Türkiyə sözlərə cavabdeh olan bir ölkədir. Nə deyirsə, nə vəd edirsə, yerinə yetirir, amma biz həm də rəqiblərimizin sözünün üstündə durmasını istəyirik. Verdiyi vədlərə əməl etməyən İsveç üçün NATO üzvlüyünü gözləmək sadəcə xəyaldır”, - deyə Kurtulmuş bildirib.
O əlavə edib ki, Türkiyə daim digər NATO üzvləri tərəfindən güclü təzyiq altındadır - lakin İsveç hakimiyyəti Ankaranın tələblərini yerinə yetirməyincə, Stokholm üçün, Kurtulmuşun dediyi kimi, NATO-ya daxil olmaq qeyri-mümkün olaraq qalacaq.