"Deputat Aqil Abbas 12 iyun 2023-cü il tarixində Bakıda yerləşən "Xan Sarayı" şadlıq evində bəy və gəlini təbrik etmək əvəzinə, mənim Ağdam şəhidlərinin rəsmi sayı ilə bağlı səsləndirdiyim fikirlərə görə adımı çəkməklə ünvanıma tənqidi fikirlər səsləndirib. Aqil müəllim rəsmi rəqəmləri özü də 4-5 dəfə şişirtdiyi üçün mənim səsləndirdiyim rəqəmləri təkzib etmək əvəzinə, məsələni ulu öndər H.Əliyevin adı ilə və "Ağdamın daşı ağırdır" cümləsi ilə uğursuz bir şəkildə bağlamağa çalışıb. Ürəyi soyumayıb, redaktoru olduğu qəzetdə məni öz qəzetində "biabır etdirib". (Yadıma rəhmətlik Ü.Hacıbəyovun "O olmasın , bu olsun" filmi düşdü.)"
Ucnoqta.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev bildirib.
"Anlayıram toydur, şənlikdir, stolda da çox nemət var, əlinə mikrofon da veriblər, məclis adamı tuta da bilər. Amma mən nomrəmi səhifəmdə hər kəsə açıq şəkildə yazmışam. Mənimlə efirdə qarşılıqlı hörmət əsasında tam fərqli davranan Aqil müəllimin toy əhlinin qarşısında mənə qarşı çıxış etməsi bir az təəcüblü göründü. Odur ki, mən də ağsaqqaldan nümunə götürüb, opponentin olmadığı yerdə ona cavab yazıram. Yəqin ki, bu addımı bəyənəcək.
İndi belə çıxır ki, mən də hər dəfə imkan düşəndə Aqil müəllimin ozünün və övladlarının müharibələrdə iştirak etmədiyinə dair cümlələr qurmalıyam? Yox, bu mənim stilim deyil. Mənim tanıdığım birinə deyəcək sözüm olsa, ya zəng vurardım, ya da görüşəndə deyərdim"- ekspert qeyd edib.
Ə. Verdiyev bildirir ki, "Ağdamın daşı ağırdır" cümləsi isə mənə heç yapışmır:
"Yoldaşım, xalam uşaqları, dayımın yoldaşı, n sayda qohum əqrabalarım ağdamlıdır. Həm də ağdamlı ilə kirvəyəm. Uşaqlığımın yay tətilləri Ağdamda keçib. Ağdamdan yüzlərlə əsgər və zabit döyüşçü dostlarım var.
Rusiyanın şimalından gəlib Azərbaycanda xidmətimə Ağdamdan başlamağım və xidmətimin böyük yarısını Ağdamda keçirməyim də faktdır. Təvazokarlıqdan uzaq olsa da, bir neçə taborun normal döyüş vəziyyətinə çatdırılmasını təmin etdiyimi də yazmaq məcburiyyətindəyəm. Təzəkənd hamamının tikintisi, Gübrə zavodunda yerləşən ərazidə 400 nəfərin yerləşməsi üçün bütün infrastrukturun qurulması, yaşıllaşdırılması, kəndarası və mövqelərə çıxan yolun bərpası və s. ilə maraqlansaydınız, bu işlərin mənim komandiri olduğum taborun heyəti tərəfindən həyata keçirildiyini bilmiş olardınız.
Nə isə, Burda geniş müzakirə açmağı vacib hesab etmirəm, amma bir şeyi deməliyəm ki, mən 6000 km məsafədən gəlib Ağdam uğrunda döyüşlərdə iştirak edəndə Aqil Abbasın döyüşlərdə iştirakını görmədim. Halbuki mənim xidmət etdiyim taborda və ümumilikdə Ağdamda Aqil Abbas yaşda döyüşçülər var idi, hətta Bakıdan olan ata və oğul mənimlə birlikdə əsgər kimi döyüşürdülər.
Tək oğlumu əsgərliyə, sonra isə səfərbərliklə Orduya göndərəndə isə Aqil Abbasın oğlanlarını Vətən Müharibəsində iştirakı barədə heç nə eşitmədim.
Odur ki, Aqil müəllim ilə istədiyi platformada və canlı yayımda bu və digər mısələləri, o cümlədən onun seçildiyi dairə üzrə:
-əlillərin, veteranların, evsiz zabitlərin, əlillərin problemlərini;
-əlilliyi ləğv olunanların işsizlik problemini;
-yaralı veteranların 80 manat təqaud almalarını;
-hələ də veteranlıq almayanların sayını;
-müharibə əlilləri ilə bərabər ordudan yayınanların da təkrar müayinə edilməsini;
-əlilliyi ləğv olunanların statistikasını, onların işlə və ya işsizliyə görə müavinətlə təmin olunmasını və s. məsələləri və bunların aradan qaldırılması yollarını müzakirə etməyə hazıram.
Deputat olaraq Aqil müəllim bu məsələlər üzrə statistik məlumatları da əldə edib gətirsə, müzakirə daha maraqlı olar.
Səbirsizliklə Aqil müəllimdən bu müzakirələr üçün müsbət cavab alacağınmı gözləyirəm".