Ərdoğan və Stoltenberq Rusiyadakı son hadisələri və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb. Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla NATO-nun baş katibi Yens Stoltenberqlə "Vaqner" hərbi dəstəsinin hərəkətləri fonunda Rusiyadakı vəziyyətin inkişafını müzakirə edib.
Bildirilib ki, Rusiyada gərginliyin azalması Ukrayna arenasında geri dönməz humanitar fəlakətlərin qarşısını alıb.
Bundan əlavə, tərəflər İsveçin NATO-ya daxil olması məsələsini müzakirə ediblər. Türkiyənin İsveçin üzvlüyünə müsbət yanaşdığı bildirilib, lakin Ankara tərəfindən qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının tərəfdarları bu ölkədə sərbəst şəkildə aksiyalar təşkil etdikcə qanunvericiliyə edilən dəyişikliklərin heç bir mənası yoxdur.