Müstəqillik gününə həsr olunmuş konfrans keçirilib

16:00 - 27 May 2023 - ÖLKƏ İÇİ

Oğuz rayonundakı Yaqublu kənd T.Babayev adına tam orta məktəbdə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz!” mövzusunda konfrans keçirilib. 

Ucnoqta.az xəbər verir ki, Dövlət himninin səsləndirilməsi, AXC qurucularının, ulu öndərimizin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi İmran Verdiyev açıb. İmran Verdiyev bildirib ki, AXC müsəlman şərqində, türk islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət olub. O, istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Müəllimlərin və yuxarı sinif şagirdlərinin iştirak etdiyi konfransda tarix müəllimi Şəbnəm Məmmədli “AXC-nin yaranması və fəaliyyəti” barədə geniş məlumat verib.

 Konfransda dil-ədəbiyyat müəllimi Aytən Atakişiyevanın “H.Əliyev və AXC”, müəllim Sərxan Əhmədovun “AXC dövründə milli ordunun yaranması”, müəllim Rafət Bayramovun “AXC dövründə dövlət bayraqlarımız”, direktor müavini Nərminə Süleymanovanın “AXC-nin təhsil siyasəti”, müəllim Vəfa Qurbanovanın “AXC və dil məsələləri” və  VIII sinif şagirdi Nuray Kamilovanın “28 May-Müstəqillik Günü tariximizin ən parlaq səhifələrindəndir” mövzularında  maraqlı çıxışları dinlənilib. 
 “Azərbaycan Xalq Cümhuriyyəti” və “Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında” adlı videoçarxlar nümayiş etdirilib.

Konfransın gedişi ərzində şagirdlər 28 Maya, Vətənə, bayrağa, şəhidlərə və ulu öndərimizə həsr olunmuş şeirlər və mahnılar oxumuş, ədəbi bədii kompozisiyalar nümayş etdiriblər.


Xəbər xətti