“Turan Tovuz”a qarşı Azərbaycan Premyer Liqasının 33-cü tur oyununda vurduğu qoldan sonra qeyri-etik hərəkət edən “Səbail”in futbolçusu Qoba Zakpanın cəzası məlum olub.
AFFA İntizam Komitəsi 30 yaşlı hücumçunu 3 oyunluq diskvalifikasiya edib. "Səbail" futbolçunun tərbiyəsiz jestinə görə 1600 manat məbləğində cərimələnib.
Qeyd edək ki, “Turan Tovuz” - “Səbail” oyunu 2:2 hesabı ilə başa çatıb. "Səbail"in futbolçusu Qoba Zakpa oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə ikinci qolu vurub. Qolu vurduqdan sonra Zakpa stadionda tərbiyəsiz hərəkət edib.
Xatırladaq ki, "Səbail"in mətbuat xidmətinin rəhbəri Sənəm Fərhadova report-a bildirib ki, futbolçu qol vurduqdan sonra sevincini yaşayıb: "Bizim sosial şəbəkə hesablarımızda da paylaşım olub. O, həmin vaxt uğursuz oturan alt paltarını düzəldib. Daha sonra növbəti komanda yoldaşından təbriki qəbul edib. Həmin zaman alt paltarında problem aşkarlanıb. Bunu özü də dedi. Qətiyyətlə bildirdi ki, bu cür qeyri-etik hərəkət etməz. Bu hadisə baş verəndə aydın şəkildə görünür ki, Qoba Zakpa üzünü nə azarkeşlərə, nə də rəqibə tərəf yönəldib. Oyunçu ilə söhbət aparılıb, bir daha yanlış anlaşılma yaşanmasın deyə ehtiyatlı olmağın lazımlığı bildirilib. O, bundan sonra daha ehtiyatlı olacağını söyləyib".