Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" Gürcüstan prezidenti Salome Zurabişvilini şirkətin boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar günü Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin yaydığı bəyanatda deyilir.
"Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz gürcü xalqından üzr istəməyincə onu persona non qrata elan edirik, onu təyyarəyə buraxmayacağıq", - Qayaşvili açıqlamasında bildirib.
Onun sözlərinə görə, Zurabişvili heç vaxt milli aviaşirkəti dəstəkləməyib. "İki il əvvəl "Air France"ın təyyarəsini böyük təmtəraqla qarşılayan, sonra onunla PR üçün Parisə uçan şəxslə nə danışmaq olar. Onun heç vaxt Gürcüstan aviaşirkətinə kömək etmək arzusu olmayıb", - bəyanatda deyilir.
Qayaşvili Zurabişviliyə xatırladıb ki, o, Sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstanı tərk edərək Parisə köçmüş mühacirlərin nəslindəndir. Eyni zamanda o, əmindir ki, onlar özləri ilə qeyri-qanuni yolla pul, eləcə də monastır və muzeylərin əmlakını aparıblar. Şirkətin təsisçisi onu respublika prezidenti hesab etmədiyini də vurğulayıb.