Yaponiyanın baş naziri Fumio Kişida və onun britaniyalı həmkarı Rişi Sunak cümə axşamı Xirosimada keçirilən Yeddilik Qrupunun (G7) sammiti öncəsi danışıqlar zamanı iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, sənədin mətnini Yaponiya Xarici İşlər Nazirliyi yayıb.
Xirosima sazişi müdafiə, ticarət, elmi və texnoloji əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi birgə təlimlərin intensivləşdirilməsini əhatə edir və indi bu təlimlərdə Britaniya hərbçilərinin sayı iki dəfə çox olacaq.
Yaponiya Özünümüdafiə Qüvvələri və Kral Hərbi Dəniz Qüvvələrinin qarşılıqlı əlaqəsi 2025-ci ildə Britaniya təyyarədaşıyan qrupunun Hind-Sakit okean regionunda qarşıdan gələn kampaniyası zamanı nəzərdə tutulub. Ölkələr həmçinin kosmosda və kiberməkanda fəaliyyət məsələsi üzrə təcrübə mübadiləsini intensivləşdirəcəklər.
Müqavilə Yaponiya və Böyük Britaniyaya yeni yarımkeçirici texnologiyaları, mədənçıxarma, süni intellekt, bərpa olunan enerji mənbələrinin inkişafı və tibbin keyfiyyətinin yaxşılaşdırılması üzrə birgə proqramın işlənib hazırlanması və istehsalına başlamağa imkan verəcək.