Avropa Parlamentinə seçkilər 2024-cü il iyunun 6-dan 9-dək Aİ-nin bütün ölkələrində keçiriləcək
Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçin Aİ Şurasına sədrliyi Tvitter hesabında məlumat yayıb. Bildirilir ki, bu barədə Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri razılığa gəliblər.
2024-cü ildə Avropa Parlamentinə seçkilər 1979-cu ildə keçirilən ilk birbaşa seçkilərdən sonra 10-cu və Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra ilk seçki olacaq. Brexit nəticəsində 2020-ci ilin yanvarında krallığın nümayəndə heyətinin 27 yeri digər ölkələr arasında bölüşdürüldü. Qalan 46 yer ləğv edildi, bundan sonra Avropa Parlamentinin üzvlərinin ümumi sayı 751-dən 705-ə endirildi. Bununla belə, Avropa Parlamentində 2023-cü ilin fevralında hazırlanan hesabat layihəsində əhalinin inkişafını əks etdirmək üçün deputatların sayının yenidən artırılması təklif edilib.
Hər bir ölkədən parlamentarilərin sayı əhalinin sayına mütənasib olaraq kvota prinsipinə əsasən müəyyən edilir. Ən çox parlament mandatı Almaniyada, ən az isə Kipr, Malta və Lüksemburqdadır. Avropa Şurası yekdilliklə Avropa Parlamentinin ölçüsünə və hər bir milli yer kvotasına qərar verir.