Birləşmiş Millətlər Təşkilatı Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində zədələnmiş və ya dağılmış Ukrayna infrastrukturunun bərpası xərclərini hesablayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin “2023-cü ilin ortaları üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivlər” adlı hesabatında deyilir. Bildirilir ki, bunun üçün ən azı 411 milyard dollar lazımdır.
"Ukrayna iqtisadiyyatı müharibə səbəbindən sənaye potensialının və enerji infrastrukturunun əhəmiyyətli bir hissəsini itirib və 2022-ci ildə 29,1% azalıb. Xarici maliyyə yardımına, o cümlədən BVF kreditinə və Avropa İttifaqı və ABŞ-ın büdcə dəstəyinə baxmayaraq, 2023-cü ildə iqtisadiyyatın durğunlaşacağı ehtimalı var”, - hesabatda deyilir.
Qeyd olunur ki, Ukrayna üçün uzunmüddətli perspektivlər müharibənin müddəti və intensivliyindən, eləcə də ölkənin infrastrukturun bərpasını maliyyələşdirmək imkanlarından asılı olacaq.
"Eyni zamanda, yenidənqurma işlərinin smeta dəyəri 411 milyard dollara qədər artırılıb", - qeyd edilir.