Aİ Gürcüstanın Rusiya ilə uçuşları bərpa etmək qərarından təəssüflənir
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Xarici Xidmətinin nümayəndəsi Peter Stano bildirib. Aİ nümayəndəsi qeyd edib ki, Aİ Gürcüstanın Rusiya ilə hava əlaqəsini bərpa etmək qərarından təəssüflənir və “Gürcüstanın Avropa yolu ilə bağlı narahatlığını” ifadə edib.
Stano xatırladıb ki, Aİ və bir sıra ölkələr Rusiya aviasiya sektoruna qarşı sanksiyalar tətbiq ediblər.
“Biz Rusiyaya, Rusiyadan və Rusiya üzərindən uçuşlara icazə vermirik. Gürcüstan hakimiyyətinin bu son qərarı Gürcüstanın Avropa yolu ilə bağlı qorxuları artırır” - Peter Stefano vurğulayıb.
Gürcüstan Mülki Aviasiya Agentliyi “Georgian Airways” aviaşirkətinə mayın 20-dən Tbilisidən Moskvaya birbaşa uçuşlar həyata keçirməyə icazə verib. Mayın 15-də Rusiyanın “Azimut” aviaşirkəti Gürcüstan hakimiyyətindən mayın 17-dən respublikaya uçuşlar həyata keçirmək üçün icazə alıb. Bundan əvvəl agentlik yalnız sanksiyalara məruz qalmayan aviaşirkət və təyyarələrin uçuşuna icazə veriləcəyini bildirmişdi.