İrəvanla Bakı arasında yeni gərginlik fonunda Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə təmasları hazırda planlaşdırılmır.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın sualını cavablandırarkən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. Peskov qeyd edib ki, Rusiya Federasiyasının prezidenti ilə Ermənistanın baş naziri Qələbə günü münasibətilə Moskvaya səfəri zamanı ayrı-ayrılıqda söhbət ediblər.
"Hələ yox, amma təmaslar davam edir. Elə srağagün Putin Moskvada olan Paşinyanla ayrıca danışıb, Azərbaycan tərəfi ilə təmaslar davam edir. Rusiya üçtərəfli sənədlərə uyğun olaraq nəzərdə tutulan funksiyalarını yerinə yetirməkdə davam edir”, - deyə Kreml nümayəndəsi bildirib.
"Əlbəttə, biz tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq. Bakı və İrəvanla təmaslarımızı davam etdirəcəyik", - Peskov yekunlaşdırıb.