Azərbaycan təmsilçiləri Tural və Turan əkiz qardaşlarının "Avroviziya - 2023" mahnı müsabiqəsinin açılış mərasimindəki geyimləri sərt tənqidlə qarşılanıb.
Ötən gün olan açılış mərasiminə Azərbaycan təmsilçiləri qadın geyimi ilə qatılıblar. Qardaşların bu imici birmənalı qəbul olunmayıb. Sosial şəbəkələrdə onların bu görüntüsünə dair çoxsaylı tənqidlər öz əksini tapıb.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış modelyer-dizayner Şəlalə Maqsudova təmsilçilərimizin geyiminin uğursuz olduğunu, bizim mentalitetə xas olmadığını bildirib:
“Təmsilçilərimizi geyimi bərbaddır. Azərbaycanı bu dərəcə gülünc vəziyyətdə qoymaq dəhşətdir. Mən Tural-Turan qardaşlarını illərdir tanıyıram, istəyirdim ki, irəli getsinlər, Azərbaycanı təmsil etsinlər. İstəyim gerçəkləşdi, amma geyimləri bərbaddır, bu cür geyimi heç gözləmirdim. Uşaqların tipajları çox gözəldir, ölkəmizi xaricdə layiqincə təmsil edə bilərdilər, amma geyimlə hər şeyi korladılar.
Qlamur geyim hazırlayıb onun üzərində Azərbaycanı təmsil edən elementlərdən, işləmələrdən istifadə etmək olardı. Bu, daha uğurlu olardı. “Fashion” geyimlərlə Azərbaycanın milli elementlərini qarışdıraraq ortaya gözəl geyim çıxara bilərdik. 5-6 il bundan öncə “Turkvision” müsabiqəsində yer alan təmsilçilərimizdən birinin geyimi üzərində mən işləmişdim. Yarışmada münsiflər sırf onun geyiminə görə 10 bal vermişdilər. Bu, mənim üçün qürurverici idi, musiqisi aşağı bal alsa da, geyimi 10 almışdı. Geyim çox önəmlidir. İnsanı geyimi ilə qarsalayırlar, amma bizim bu dəfə müsabiqə üçün seçdiyimiz geyim o qədər uğursuzdur ki, sözlərlə ifadə edə bilmirəm”.
Modelyer təmsilçilərimizin imicini Avstriyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Konçita Vurstla müqayisə edib:
“Sosial şəbəkədə bu haqda yazanda onları “Azərbaycanın Konçitası” adlandırmışdım. Bildiyimə görə, bizim uşaqların prodüserlik işlərini müğənni Eldar Qasımova həvalə ediblər, lakin çox böyük səhv ediblər. Bunu Eldara həvalə etmək yanlış qərardır. İki oğlanın güllü geyimlə Azərbaycanı xaricdə təmsil etməsi nə dərəcədə doğrudur?! Yəqin ki, Eldar öz aləmində fikirləşib ki, Avropada Konçita tipajda insanlara daha çox önəm verirlərsə, bizim təmsilçilərimiz də elə görünməlidir. Bəlkə də əkizləri bu vəziyyətə salmaqla düşünüb ki, onları daha irəli aparacaq, amma düşünməyib ki, biz Qafqaz ölkəsiyik. Bizim yetərincə istedadlı insanlarımız, mədəniyyətimiz var, istəməzdim ki, belə görünüşlə təmsil olunaq. Bunu heç istəməzdim. Təəssüf...”