Bu il hansı qrupda keçid balı aşağı düşəcək? - AÇIQLAMA

13:10 - 5 May 2023 - Cəmiyyət

“Ötən illə müqayisədə bu il II qrupda artım daha çoxdur. Ərizə qəbulunun başa çatmağına təxminən 12 saat vaxt qalıb, bu da statistikada dəyişikliyə səbəb ola bilər. 2023-cü ilə qədər ən çox müraciət sayı isə III qrupa olub”. 

Ucnoqta.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a təhsil eksperti Elçin Əfəndi deyib.

Bu il həmişəkindən fərqli olaraq II ixtisas qrupuna müraciət edənlərin sayının çox olduğunu bildirən ekspert müsabiqənin gərgin keçəcəyini qeyd edib:

“Ötən il III qrupa əvvəllər II qrupda olan Beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasları əlavə edildikdən sonra abituriyentlər coğrafiyadan da imtahan verməli oldular. Bu da bəzi III qrup abituriyentlərinin II qrupa yönəlməsinə səbəb oldu. Onlar düşündülər ki, coğrafiya fənnindən imtahan verib III qrupdan iki ixtisas yazmaq əvəzinə, II qrupa hazırlaşıb orada olan bütün ixtisasları yazmaq daha məntiqlidir. Bu məntiqi qərara əsasən, bu il II qrupda abituriyentlərin say çoxluğu baş verdi. 

Ümumilikdə say statistikası nə qədər çox olarsa, bu, müsabiqədə daha gərgin rəqabət olacağına işarə verir. Keçid ballarına təsir edəcək amil isə birbaşa abituriyentlərin göstərəcəyi nəticələrdən asılıdır. Məsələn, I ixtisas qrupuna ötən il 30 mindən artıq abituriyent müraciət etmişdi, bu il isə 28-29 min civarındadır. Ola bilər ki, abituriyentlərin nəticələri 500 bal üzərində olsun, bu o deməkdir ki, keçib balı da 500 civarında olacaq. Toplum 250 civarında bal toplayarsa, ötən ildən fərqli olaraq 400-500 ballıq ixtisaslara da keçib balı 250 olacaq. Bu, tamamilə imtahan nəticələrindən asılıdır”. 

Onun sözlərinə görə, keçid ballarının düşüb-düşməyəcəyi müsabiqənin ikinci mərhələsindən sonra bəlli olacaq:

“İmtahanın ikinci mərhələsi də bitdikdən sonra konkret fikir bildirmək olar ki, keçid balları hansı civarda olacaq. Hal-hazırda bütün ixtisaslar üzrə müvafiq müsabiqə şərti belədir ki, buraxılış və blok imtahanı birgə 200 bal olan hər bir abituriyent ümumi ixtisaslar müsabiqəsinə qatılır və dövlət sifarişli ixtisasları da yaza bilir. Eyni zamanda ümumi balı 150 bal olan və bu balın 50-ni blok imtahanında toplayan hər bir abituriyent müvafiq ixtisas qruplarında 150 ballıq ixtisaslar kimi formalaşan ixtisaslar müsabiqəsində iştirak edə bilər. 

V qruplarda isə müvafiq olaraq 60 bal idman akademiyası, dizayn və bu kimi istiqamətlər üçün müsabiqə şərti kimi müəyyənləşib, ən minimal bal isə 30 baldır ki, bu da xoreoqrafiya istiqamətindədir”. 

E.Əfəndi bildirib ki, III ixtisas qrupuna müraciət edənlərin sayının az olması keçib ballarının aşağı düşəcəyi demək deyil, hər şey müsabiqənin nəticəsinə bağlıdır:

“III qrupa bu il axın azdır deyə balların düşəcəyi fikri yanlışdır, bu da nəticələrdən asılıdır. III ixtisas qrupunda hazırda statistika 22 min nəfər müraciət sayı göstərir və orada ayrılan plan yeri təxminən 14-15 mindir. Bu da o deməkdir ki, hələ müvafiq müsabiqə şərtindən kənarda təxminən 7 min nəfər qalacaq. Biz hələ burada yalnız abituriyentləri nəzərdə tuturuq, bilirsiniz ki, müraciət edənlər arasında subbakalavrlar da iştirak edəcək. Onların elektron ərizə qəbuluna yəqin ki, bu ayın sonlarına doğru başlanacaq. Bu zaman da 15-20 min civarı əlavə müsabiqəyə qatılanlar olacaq. Onlarla paralel müsabiqəyə həmçinin fənn olimpiyadalarının qalibləri, idman yarışlarının qalibləri də qoşulacaq. Bunları nəzərə alsaq, müsabiqədə gərginlik olacaq. Amma yenə deyirəm, keçid balı say statistikasından deyil, birbaşa imtahan nəticələrindən asılıdır”. 

Xəbər xətti