Məşhur müğənni Şakira Barselonadan Mayamiyə köçmək qərarının səbəbini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, ulduz müğənninin sözlərinə görə, Jerar Pikedən boşanma xəbərindən sonra o və oğulları jurnalistlərin təqib obyektinə çevrilib. Şakira medianın diqqətinin artmasından şikayətlənib. “Övladlarım Milan və Saşa Barselonada paparassilərin və bir sıra media orqanlarının davamlı təqiblərindən əziyyət çəkərək çox çətin bir il keçirdilər”, - deyə sənətçi vurğulayıb.
Şakira Amerika mediasını uşaqlarını məktəbin yaxınlığında gözləməməyə və oğlanların gizli fotolarını çəkməməyə çağırıb.
“Mən övladlarımın adından mediaya müraciət edirəm ki, onların şəxsi toxunulmazlıq hüququna hörmət etsinlər. Sizdən xahiş edirəm ki, onları məktəbə gedib-gəlməkdən, evimizin qapısında gözləməkdən, dərsdənkənar və istirahət üçün izləməkdən çəkinin”, – müğənni sosial şəbəkədə yazıb.
Şakiranın sözlərinə görə, o, bu müraciəti müğənni kimi yox, iki uşağını sevən ana kimi yazıb.