Filippin və ABŞ-ın 17,6 min hərbçinin iştirakı ilə ən böyük illik manevrləri başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu il qarşılıqlı fəaliyyət qabiliyyətini inkişaf etdirmək məqsədi daşıyan "Balikatan 2023" təlimi aprelin 28-dək davam edəcək.
ABC-CBN YouTube kanalında yayımlanan Quezon City manevrlərinin açılış mərasimində ABŞ-ın Filippindəki səfirliyinin müvəqqəti işlər vəkili Hizer Variava cari təlimin öz tarixində ən böyük təlim olacağını vurğulayıb.
38 manevrdə 17,6 mindən çox hərbi qulluqçu, o cümlədən 12,2 mini amerikalı və 5,4 mini filippinli və Avstraliyadan 111 əsgər iştirak edir. 12 ölkənin nümayəndəsi təlimləri izləyir.
İki həftədən çox müddətdə hərbçilər dənizdə təhlükəsizlik, desant əməliyyatları, canlı atəşlə məşğul olacaqlar. Bundan əlavə, şəhər və aviasiya əməliyyatları, həmçinin kibermüdafiə, terrorla mübarizə, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı təlimlər planlaşdırılır. Müttəfiqlərin birləşmiş silahlarla canlı atəş, məlumat və kəşfiyyat mübadiləsi, bölmələrarası əlaqə, logistika və amfibiya əməliyyatları üzrə imkanlarını yoxlamaq üçün Filippinin müxtəlif bölgələrində səhra təlimləri keçiriləcək.
Filippin və ABŞ hərbçiləri ilk dəfə olaraq dənizdə canlı atəş təlimlərində iştirak edəcəklər.