Beynəlxalq Ədalət Məhkəməsi Tehranın xarici aktivlərinin dondurulması ilə bağlı İranın ABŞ-a qarşı iddiasını qismən təmin edib.
Ucnoqta.az xəbər verir ki, BMT-nin mətbuat xidmətinin məlumatına görə, indi Vaşinqton təzminat ödəməlidir.
Məhkəmə belə nəticəyə gəlib ki, ABŞ İranın xarici aktivlərini dondurmaqla ölkələr arasında 1955-ci ildən imzalanmış Dostluq Müqaviləsi üzrə öhdəliklərini pozub. İran və ABŞ arasında münasibətlər 1979-cu il İslam İnqilabından sonra düşməncəsinə çevrilsə də, ABŞ sazişdən yalnız 2018-ci ildə - bir çox sanksiyalar paketi tətbiq edildikdən sonra çıxmaq qərarına gəlib.
İndi Vaşinqton bəzi İran şirkətlərinin aktivlərinin dondurulmasına görə Tehrana təzminat ödəməlidir. Kompensasiyanın məbləği və ödənilməsi qaydası ölkələr öz aralarında qərar verməlidir. Əgər yaxın iki ildə razılığa gələ bilməsələr, hakimlər bu məsələyə ayrıca baxacaqlar.
Qeyd olunur ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları məcburidir və şikayət verilmir. Düzdür, məhkəmənin ölkələri bu qərarlara əməl etməyə məcbur edən heç bir mexanizmləri yoxdur. Keçmişdə həm ABŞ, həm də İranın özü artıq BMT-nin Ədalət Məhkəməsinin digər qərarlarına məhəl qoymayıb.