Keçmiş Avroviziya təmsilçimiz Samirə Əfəndinin avtomobilinə hücum edən şəxs saxlanılıb.
Lent.az-ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən X.Atakişiyev müəyyən edilərək saxlanılıb.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.
X.Atakişiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Protokola Nəsimi Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Məhkəmənin ilk iclası martın 9-da keçiriləcək.
Xatırladaq ki, müğənni Samirə Əfəndi bir neçə gün bundan öncə öz şəxsi “Instagram” hesabında maşınına hücum edən şəxs barəsində paylaşım etmişdi:
“Maşınıma tüpürdü, siqaretini atdı, söydü, şəklimi çəkdi. Bu şəxsdən şikayətçiyəm. Əslində, paylaşmağa utanıram. Çünki izləyicilərimin 70 faizi əcnəbilərdir. Buna göz yummaq, susmaq olmaz. Artıq bəsdir!”