Gürcüstanlı deputatlar xarici agentlər haqqında qanunun müzakirəsi fonunda parlamentdə dava salıblar
Ucnoqta.az xəbər verir ki, Gürcüstan parlamentinin hüquq məsələləri üzrə komitəsində müxtəlif fraksiyaların deputatları arasında qarşıdurma olub. Komitə sədri Anri Oxanaşvilinin bir neçə deputatın zaldan çıxarılmasını tələb etməsindən sonra parlamentarilər davaya başlayıb.
Qeyd edildiyi kimi, Giorgi Vaşadze siyasətçiyə etiraz edərkən Levan Xabeişvili hüquq komitəsinin rəhbərinə hücum edib. Deputatlar arasında baş verən əlbəyaxa dava nəticəsində iclasda fasilə elan edilib.
Eyni zamanda iki mübahisəli qanun layihəsinin - “Xarici təsirin şəffaflığı haqqında” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı da parlamentarilər arasında dava düşüb.
Bu qanunların hər ikisi Gürcüstan müxalifəti, jurnalistlər, ictimai xadimlər və hətta Qərb dövlətlərinin nümayəndələri tərəfindən fəal şəkildə tənqid olunur. Parlamentdə təşəbbüslərin müzakirəsinin növbəti mərhələsi fonunda Gürcüstanın qanunverici orqanının binası yaxınlığında etiraz aksiyası keçirilir.