Fevralın 24-də ABŞ hakimiyyəti bir sıra Rusiya qubernatorlarına qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib. Sanksiya tətbiq edilən qubernatorlar arasında Xabarovsk diyarının rəhbəri Mixail Deqtyarev və İrkutsk vilayətinin qubernatoru İqor Kobzev də var.
Sanksiya siyahısına Həştərxan vilayətinin rəhbəri İqor Babuşkin, Tuva rəhbəri Vladislav Xovalıq, Kalmıkiya qubernatoru Batu Xasikov və Murmansk vilayətinin rəhbəri Andrey Çibisin də adı daxil edilib. Həmçinin NAO-nun qubernatoru Yuri Bezdudnı, Udmurtiyanın rəhbəri Aleksandr Breçalov, Oryol vilayətinin qubernatoru Andrey Klıçkov və başqaları da məhdudiyyətlər altında olublar.
Xatırladaq ki, Ukraynada xüsusi əməliyyatın başlanmasının ildönümündə ABŞ Rusiyanın 9 nazirinə qarşı da sanksiya tətbiq edib. Onların arasında Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov, mədəniyyət naziri Olqa Lyubimova və rəqəmsal inkişaf naziri Maksut Şadayev də olub.