Hacı Qara olduqca tamahkar və xəsis tacirdir. Mal-dövlətini artırmaq üçün hər cür çirikli əməllərə əl atır. Evdə ailəsini ac saxlayır, onun dolanışığına fikir vermir. Yüz manat zərərə düşəndə az qalır “qüssədən dərdəçər ola”.
Söhbət Mirzə Fətəli Axundovun “Sərgüzəşti mərdi -xəsis” komediyasının qəhrəmanı Hacı Qaradan gedir. Doğrudanmı Haçı Qara üçün dünyada puldan başqa müqəddəs heç bir şey yoxdur, tamahkar və acgözdür?
Bu barədə arğcabədililər yazıçı ilə razılaşmırlar, tamamilə başqa fikirdədirlər. Rayonun tanınmış şəxslərindən olan Hacı Məhəmməd Quliyevin sözlərinə görə, Hacı Qara real tarixi şəxsiyyətdir: “Əslində, bizim Ləmbərandandır. Dövrünün savadlı adamlarından biri olub, sayılıb-seçilib, həmişə hörməti gözlənilib. Hacı Qaranın geniş ticarət əlaqələri vardı. O, Təbriz, Ərdəbil, İrəvan, Gəncə və bir çox şəhərlərlə ticarət edib. Alış- veriş yeri isə bizim Ağcəbədi bazarı olub. Burada mal alıb, mal satırdı. Satışdan da əldə etdiyi qazancı əlində cəmləşdirirdi. Bu yolla böyük sərvət toplamışdı”.
Məhəmməd Quliyev bildirir ki, Hacı Qaranın dövrünün tanınmış adamları ilə yaxın münasibətləri vardı, o cümlədən Mirzə Fətəli Axundovla. Onları bir-biri ilə tanış edən isə Qasım bəy Zakir olub. İranla Rusiya arasında sərhəd indiki kimi Araz çayıidi. Hər iki imperiya 10 fevral 1828-ci ildə imzalanmış Türkmənşay müqaviləsinə ciddi əməl edirdi. Rusiya tərəfi sərhəddə qaçaqmalçılığın qarşısını almaq məqsədilə hərbiçilər yerləşdirmişdi. Mirzə Fətəli Axundov da 1852-ci ildə qaçaqmalçılıq problemi ilə məşğul olan pojkovnik Meyerin tərcüməçisi idi. Bu səbəbdən də bir müddət İran sərhədində olub. Ağcabədinin tanınmış şəxsləri ilə görüşüb, söhbət edib. O vaxtlardan da yazıçının Hacı Qara ilə tanışlığı başlayıb.
Hacı Qara Mirzə Fətəli Axundovu həmişə mehriban qarşılayıb, qonaqlıq verib, bəzən də maddi dəstək göstərib. Sonradan necə olubsa münasibətləri pozulub.
Məhəmməd Quliyev deyir ki, bu barədə bir neçə versiya danışırlar. Versiyaların birinə görə, Mirzə Fətəli Axundov Ağcabədi bazarına gələndə Hacı Qaranın yanına gedib. Xəstə olan Hacı Qara isə onu əvvəlki kimi qarşılaya bilməyib, soyuq münasibət göstərib. Bu da Mirzə Fətəli Axundovun xoşuna gəlməyib.
Həmin vaxtlar Mirzə Fətəli Axundov qaçaqmalçılarla mübarizə ilə bağlı əsər üzərində işləyirmiş. Bu əsərə Hacı Qara ilə bağlı süjet xətti əlavə edib və “Sərgüzəşti mərdi -xəsis” əsəri ortaya çıxıb. Bununla əsər yüksək dəyəri ilə seçilir.
Bir gün “ Sərgüzəşti mərdi-xəsis” komediyası dərc olunur və Ağcabədidə də yayılır. Mirzı Fətəli Axundovu sevməyən din xadimləri, qaçaqmalçılıqla məşğul olanlar Haçı Qaraya xəbərçilik edirlər. Aydındır ki, Hacı Qara əsərlə tanış olur və ona “yüz manat zərərim var, bu dərd şəksiz məni oldürəcək” cümləsi çox təsir edir. İkinci ona təsir edən ailəsinin ac saxlanılması ilə bağlı oxuduqları olur. Hacı Qara əsəri oxuduqdan sonra Mirzə Fətəli Axundovdan bərk inciyir, o olan məclislərə getmir. Bu, Qasım Bəy Zakirin diqqətini çəkir və qərara gəlir ki, küslüləri barışdırsın. Buna da nail olur.
Məhəmməd Quliyev bildirir ki, Hacı Qara Qasım bəy Zakir vasitəsilə Mirzə Fətəli Axundova qonaqlıq verir. Qonaqlıqda incikliyini büruzə vermir, lakin nökərə tapşırır ki, samovarı qaynadarkən kömür əvəzinə yüz manat əskinazlar atsın. Qonaqlıqdan sonra Hacı Qara ilə Mirzə Fətəli Axundov həyətə çıxırlar. Yazıçının samovar qaynadan nökər doqqətini çəkir və onun samovara kömür əvəzinə yüzlük əskinazları atdığını görür. Bir az şübhələnir.
Hacı Qaraya deyir:
– Nökər niyə samovara kömür əvəzinə yüz manatlıq əskinasları atır?
Hacı Qara da cavabında deyir:
– Mənim üçün yüz manatlıq əskinaslar önəmli deyil, dostluq önəmlidir, həmişə də hörmətini saxlamışam. Ailəmin də həmişə qayğısına qalmışam. Mən xəsis deyiləm.
Hacı Qara ilə Mirzə Fətəli Axundov sağollaşıb ayrılırlar. Bir müddət sonra Mirzə Fətəli Axundov Tiflisə qayıdır. Bu onu gəstərir ki, Hacı Qara xəsis olmayıb”.
Məhəmməd Quliyev bildirir ki, Hacı Qara sadəcə pulununun qədrini bilən, tədbirli, ağıllı tacir olub.
Məhəmməd Quliyev bidirir ki, Hacı Qaranın Mirzə Fətəli Axundovla söhbətlərində toxunduğu mövzulardan biri də Ağcabədi bazarındakı ermənilərin hiyləgərliyi ilə bağlı olub. M.F. Axudov “ Sərgüzəşti mərdi xəsis” komediyasında bu məsələyə də toxunub. Məsələn, Hacı Qara ilə bəylər arasında belə bir dialoq var.
Hacı Qara : A kişi, niyə ermənləri buraxdınız? Niyə qolların bağlayıb bu qamışlığa salmadınız?
Heydər bəy: Nədən ötrü, Hacı?
Hacı Qara: Ondan ötrü ki gedib üstümüzəı kazak gətirməsinlər”.
Ola bilsin ki bu deyilənlər bir rəvayətdir, amma ağcabədililər buna inanırlar. Hətta Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısındakı meydana arkadan girişin sağ tərəfində Hacı Qaranın pulla samovarı qaynatdırğını əks etdirən barelyev də var. Bu, bir daha onu göstərir ki, ağcabədililər Hacı Qaranı tarixi şəxs olduğuna əmindirlər.
Pünhan Əfəndiyev