Bakı Apellyasiya Məhkəməsində bir neçə gün əvvəl dələduzluq əməlinə görə həbs edilən Sabunçu rayonu, 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun şikayətinə baxılıb.
Ucnoqta.az xəbər verir ki, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində Sabunçu Rayon Məhkəməsinin həbs-qətimkan tədbiri qərarı qüvvədə saxlanılıb.
Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir. İlkin mərhələdə o, aldığı pulların 100 min manatını geri qaytarsa da, yerdə qalan məbləği ödəməyib. Bu səbəbdən R.İsfəndiyarov barəsində cinayət işi açılıb.
Qeyd edək ki, Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. Onunla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Məmmədova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.///Qafqazinfo