Birləşmiş Ştatlar Rusiyanın nüvə silahından istifadə risklərini həddindən artıq qiymətləndirib. Ağ Ev hesab edir ki, Rusiya Federasiyası belə bir addım atmayacaq və daha Krıma Amerika istehsalı olan texnika və sursatlardan istifadə etməklə zərbə endirməsinə etiraz etməyəcək.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodges müsahibəsində deyib.
O deyib:
"Rusiyanın nüvə silahı ilə eskalasiya risklərini çox qiymətləndirdik. Buna görə Ukraynaya: "Sizə lazım olan hər şey budur və tezliklə sizə daha çoxunu verəcəyik" demək əvəzinə, tədarüklər barədə qərarlar tədricən qəbul etdik. İndi Ağ Ev getdikcə daha çox əmindir ki, Rusiya nüvə silahından istifadə etməyəcək. Mən şəxsən buna əminəm. Ağ Ev, məsələn, artıq Ukrayna ordusunun Krımda Rusiya obyektlərinə zərbə endirməsinə belə qarşı deyil”.
Hodges deyib ki, ABŞ nüvə silahından istifadənin nəticələrinin fəlakətli olacağını açıq şəkildə bəyan edib. Çin də Rusiyaya deyib ki, bunu etməsin, çünki nüvə zərbəsi döyüş meydanında heç bir üstünlük verməyəcək. Yəqin ki, Kreml diktatoru dünyanın iki aparıcı dövlətinin açıqlamalarına qulaq asıb.
"Düşünürəm ki, Putin pisdir, amma dəli deyil və intihara meylli deyil. Yadınızda saxlayın ki, pandemiya zamanı o, ən yaxın məsləhətçilərdən on metr aralıda masa arxasında oturmuşdu. Bu, yaşamaq istəməyən insana bənzəmir", - Hodges vurğulayıb.