Bakıda 9 yaşlı uşaq 7 yaşlı dayısı oğlunu güllələdi

12:45 - 21 Yanvar 2023 - HADİSƏ

Yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a DİN Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.

Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
 

Xəbər xətti