Banqkok-Moskva marşrutu ilə uçan "Aeroflot" təyyarəsi hamilə qadına görə Səmərqənddə məcburi eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə RBC-yə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“2023-cü il yanvarın 12-də Banqkok-Moskva SU271 reysini həyata keçirən təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Səmərqənd hava limanına məcburi eniş edib”, - deyə mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, təyyarə eniş etdikdən sonra qadın həkimlərə təhvil verilib. Özbəkistan hava limanlarının mətbuat xidməti bildirib ki, enişin səbəbi hamilə qadında vaxtından əvvəl sancıların başlaması olub.
Həmçinin uçuş zamanı iki sərnişin arasında münaqişə yaranıb, onlar Səmərqənd hava limanında polisə təhvil verilib. Təyyarədə 364 sərnişin olub.
Telegram kanalı Baza yazır ki, sərnişinlərdən biri stüardessadan "xüsusi rəftar" tələb edib və sonra onu itələyib. Hay-küydən hamilə qadın həyəcanlanıb.
"Mash"ın məlumatına görə, dava edən şəxs özünü hazırda İtaliya həbsxanasında olan Krasnoyarsk qubernatoru Aleksandr Ussun oğlu kimi təqdim edib.
Aeroflot nümayəndəsinin sözlərinə görə, təyyarəni uçuşun davam etdirilməsi üçün hazırlayarkən “texniki səbəblər yaranıb, bunun nəticəsində aviaşirkət təyyarəni sonrakı uçuş əməliyyatlarından kənarlaşdırmaq qərarına gəlib”. Sərnişinləri Moskvaya çatdırmaq üçün daha kiçik tutumlu iki ehtiyat təyyarədən istifadə edilib.
Emin